MƏDƏNİYYƏT
"Nabat" filmi istanbullu kinosevərlərin görüşündə
İstanbul, 25 noyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" bədii filmi İstanbulda keçirilən III Boğaziçi Beynəlxalq film festivalında nümayış olunub.
Atlas film sarayında keçirilən nümayişdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, Türkiyədə yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, tanınmış kino və teatr adamları da tamaşaçılar arasında olublar.
Film ingilis və türk dillərində subtitr tərcümədə təqdim edilib. Nümayişdən sonra yaradıcı heyət tamaşaçıları maraqlandıran sualları cavablandırıb.
Festival noyabrın 27-də başa çatacaq.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Vətənimizin ayrılmaz parçası olan Qarabağda gedən müharibənin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı "Nabat" filmi bu günədək onlarla kinofestivalda iştirak edib və maraqla qarşılanıb.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
İstanbul kinosevərləri tərəfindən də maraqla qarşılanan bu ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri oynayıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul