İQTİSADİYYAT
"Nar" fiziki məhdudiyyətli şəxslər üçün "Təlim məktəbi" layihəsinə başlayıb
Bakı, 24 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
"Nar" fiziki məhdudiyyətli şəxslər üçün "Təlim məktəbi" layihəsinə başlayıb. “Həyat bizimlə daha rəngarəng” adlı sosial layihə “Uğur Akademiyası”, “ASAN könüllüləri” Təşkilatı və “Nar” mobil operatorunun birgə əməkdaşlığı ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də keçirilən təqdimatda “Uğur Akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev bildirib ki, layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının davam etdirilməsidir.
Qeyd edilib ki, nitq və eşitmə imkanları məhdud şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaq bu sosial layihənin ən vacib məqsəd və hədəflərindəndir. Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün xüsusi təlimlərin təşkil edilməsi nəzərdə tutulub. Üç ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaşarası 75 gəncin 3 istiqamət üzrə - rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcək.
Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən dəvət olunmuş psixoloq gənclərin peşə potensialını qiymətləndirəcək, həftə ərzində təşkil olunacaq görüşlərdə daxili maneələrə qalib gəlməkdə, özünə inam və motivasiyanın artırılmasında onlara yardım edəcək.