DÜNYA
"Oxi": Yunanıstanın kreditorlara “yox” cavabı və avrozona liderlərinin təcili sammiti
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 5-də keçirilən referendumda yunanıstanlı seçicilərin 61 faizi "hökumət beynəlxalq kreditorların təklifləri ilə razılaşmalıdırmı?" sualına “oxi” - yəni "yox" cavabı verib. Beləliklə də yeni borcların müqabilində tələb olunan sərt iqtisadi tədbirlər və büdcə qənaəti tələbləri rədd edilib. Referendumun nəticələri elan olunduqdan sonra dünya Yunanıstanın minlərlə sakininin keçirdiyi sevinc hisslərinin şahidi oldu. Onlar Afinanın mərkəzinə yığışaraq şadlıq edir, oxuyub oynayırdılar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, vətəndaşları "yox" deməyə səsləyən Baş nazir Aleksis Tsipras göstərdikləri etimada görə onlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, yunanların "cəsur seçimi" kreditorlarla danışıqlarda Afinanın mövqeyini xeyli gücləndirib.
Səsvermənin nəticələrinin elan edilməsinin ardından Yunanıstan hökumətinin nümayəndələri iyunun 25-də referendum barədə qərardan sonra yarımçıq qalan danışıqların bərpa edilməsinə hazır olduqlarını və 48 saat ərzində sazış imzalanmasının mümkünlüyünü bildiriblər.
Hadisə ilə bağlı Avropa Parlamentinin spikeri Martin Şultsun, daha sonra isə Avropa Komissiyasının mətbuat xidmətinin ilk rəsmi reaksiyaları isə soyuqqanlı olub. "Yunanların seçiminə hörmətlə yanaşmaq lazımdır. Lakin avrozonanın digər ölkələrinin bu məsələyə dair fikirləri də fərqlidir", - deyə Şults bildirib.
Eyni zamanda Avropa Şurasının başçısı Donald Tusk iyulun 6-da telefon danışıqlarının, ertəsi gün isə avrozona ölkələrinin liderləri və maliyyə nazirlərinin Yunanıstan məsələsinə dair təcili sammitinin keçiriləcəyini təsdiqləyib. Almaniya kansleri Angela Merkelin Yunanıstanda keçirilən referendumun nəticələrini Fransa Prezidenti Fransua Ollandla müzakirə etmək üçün təcili olaraq Parisə gələcəyi gözlənilir. Almaniya və Fransa Yunanıstana ən çox borc verən ölkələrdir.
Bu arada Yunanıstanın maliyyə naziri Yanis Varufakisin istefa verdiyi barədə məlumat yayılıb. O, bu barədə müvafiq bəyanatı iyulun 6-da səsləndirib. Nazir deyib ki, postunu bəzi avrozona üzvlərinin onun maliyyə nazirlərinin görüşündə iştirakını istəməməsi səbəbindən tərk edir.
Seçiciləri “hə” deməyə çağıran Yunanıstanın keçmiş Baş naziri Antonis Samaras da referendumun nəticələri bəlli olduqdan sonra müxalif "Yeni demokratiya" partiyasının liderlik postundan istefa verib və avropalıları "Yunanıstanı taleyin ümidinə buraxmamağa" çağırıb.