İQTİSADİYYAT
"PAŞA Həyat" 11 sığorta hadisəsinə görə 230 min manatdan çox sığorta ödəyib
Bakı, 31 may, AZƏRTAC
"PAŞA Həyat Sığorta" şirkəti "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti irihəcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib. Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin banka olan 26 944 manat qalıq kredit borcu "PAŞA Həyat" tərəfindən ödənilib.
Qeyd edək ki, "PAŞA Həyat" tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 11 sığorta hadisəsinə görə ümumilikdə 230 162 manat məbləğində sığorta ödənişi verilib.
"PAŞA Həyat" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. May ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.