ELM VƏ TƏHSİL
"PAŞA Həyat" Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və professor heyəti üçün təlim keçib
Bakı, 28 aprel, AZƏRTAC
"PAŞA Həyat" şirkəti maarifləndirmə layihəsi çərçivəsində "Sığorta və sığorta mədəniyyəti" mövzusunda növbəti 95-ci təlimini başa çatdırıb. Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilən təlimdə universitetin müəllim və professor heyətinin 20-yə yaxın üzvü iştirak edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə universitetin müəllimləri üçün həyat və qeyri-həyat sığortası, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib.
Təlimin sonunda müəllimlərə "PAŞA Həyat"ın müvafiq sertifikatları təqdim olunub.
Qeyd edək ki, "PAŞA Həyat"ın "Sığorta və sığorta mədəniyyəti" adlı maarifləndirici təlimləri artıq 4 ildir keçirilir. Təlimin keçirilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin, həmçinin müəllimlərin sığorta sahəsində bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda, cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.
2013-cü ildən indiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 2300-dək tələbə iştirak edib.