CƏMİYYƏT
"PAŞA Həyat" Bakı Dövlət Universitetinin tələbələrini mükafatlandırıb
Bakı, 17 yanvar, AZƏRTAC
"PAŞA Həyat" şirkəti Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün "Azərbaycanda həyat sığortası" mövzusunda elan etdiyi yazı müsabiqəsinin nəticələrini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, "PAŞA Həyat" sığorta şirkətinin əməkdaşı Elnur Hüseynquluyev müsabiqənin nəticələri ilə bağlı geniş məlumat verib.
"Müsabiqəyə ötən il noyabr ayının 23-dən start verilib və yekun olaraq müsabiqəyə tələbələr tərəfindən 23 yazı təqdim olunub. Həyat sığortasının spesifik sahə olmasına baxmayaraq, tələbələrin təqdim etdiyi məqalələr sırasında həyat sığortasının mahiyyəti, həyat sığortasının vacibliyini, eləcə də həyat sığortasının əsas üstünlüklərini özündə əks etdirən maraqlı yazılar olub. Müsabiqədə yer qazanmış məqalələr "PAŞA Həyat" və BDU-nun əməkdaşlarından ibarət münsiflər heyətinin üzvlərinin apardıqları qiymətləndirmə nəticəsində müəyyənləşib. Ümid edirəm ki, "PAŞA Həyat" şirkətinin BDU ilə əməkdaşlığı bununla bitməyəcək, yeni layihələr üzərində işləyərək gələcəkdə BDU ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik", - deyə E.Hüseynquluyev qeyd edib.
BDU-nun jurnalistika fakültəsinin dekan vəzifəsini icra edən Cahangir Məmmədli "PAŞA Həyat" şirkəti tərəfindən həyata keçirilən yazı müsabiqəsi layihəsini yüksək qiymətləndirərək gələcəkdə BDU ilə bu cür layihələrin davamlı olmasına əminliyini bildirib. C.Məmmədlinin sözlərinə görə, bu müsabiqənin keçirilməsi jurnalistika fakültəsinin tələbələrinin həyat sığortası sahəsində geniş maariflənməsi ilə yanaşı, onların gələcək işlərinə də böyük təsiri olacaq.
Daha sonra müsabiqədə yer tutmuş tələbələr mükafatladırılıb. Münsiflər heyəti üzvlərinin yekun qərarı ilə 70 balla I yerin qalibi Rizvan Fikrətoğlu, 68 balla II yerin qalibi Ulucay Akif və 64 balla III yerin qalibi Həşim Səhrablı elan olunub. "PAŞA Həyat" tərəfindən I yerin qalibinə 500 manat, II yerin qalibinə 300 manat və III yerin qalibinə isə 200 manat pul mükafatı və hədiyyələr təqdim olunub.