İQTİSADİYYAT
"PAŞA Həyat" iş yerində həyatını itirmiş şəxsin ailəsinə 105 min manatdan çox ödəniş edib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan sığorta bazarının ən iri şirkəti olan "PAŞA Həyat" "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü üzrə növbəti irihəcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin birində çalışan sığortalı işçi iş zamanı bədbəxt hadisə nəticəsində vəfat edib. Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş şəxsin ailəsinə - faydalanan şəxsin müvafiq bank hesabına 105 min 101 manat həcmində sığorta ödənişi həyata keçirilib.
Cari ilin əvvəlindən indiyədək "PAŞA Həyat" tərəfindən "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü üzrə 1 milyon 890 min 955 manat həcmində sığorta ödənişi verilib. İcbari növ üzrə həyata keçirilən ödənişlər ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 86,5 faiz çox olub.
Qeyd edək ki, "PAŞA Həyat" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.