İQTİSADİYYAT
"PAŞA Həyat" son bir ildə sığorta yığımlarının həcmini iki dəfə artırıb
Bakı, 16 may, AZƏRTAC
"PAŞA Həyat" yanvar-aprel ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin ilk 4 ayında "PAŞA Həyat" tərəfindən ümumilikdə 52,408 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 26,026 milyon manat və ya təxminən iki dəfə çoxdur.
Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə "PAŞA Həyat" tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 2,778 milyon manat və ya 37 faiz artaraq 10,109 milyon manata çatıb.
Cari il aprel ayının 1-nə nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edən "PAŞA Həyat" şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası", "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "yığım tərkibli yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta", "Ailəmin PAŞA Güvənliyi" adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.