İQTİSADİYYAT


"PAŞA Həyat" tələbələr üçün ilin son təlimini yekunlaşdırıb

A+ A

Bakı, 31 dekabr, AZƏRTAC

"PAŞA Həyat" sığorta şirkəti maarifləndirmə layihəsi çərçivəsində "Sığorta və sığorta mədəniyyəti" mövzusunda tələbələr üçün ilin sonuncu - 90-cı təlimini başa çatdırıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, təlimdə ölkənin müxtəlif ali təhsil ocaqlarından dəvət almış tələbələr iştirak edib. Tələbələrə həyat və qeyri-həyat sığortası, həyat sığortası bazarındakı mövcud məhsullar, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib.

Sonra tələbələrə "PAŞA Həyat"ın müvafiq sertifikatları təqdim olunub.

Təlimin sonunda "PAŞA Həyat" şirkətinin maarifləndirmə şöbəsinin müdiri Pərviz Quliyev indiyədək keçirilən təlimlərlə bağlı statistik məlumatları açıqlayıb. Bildirib ki, "PAŞA Həyat"ın tələbələr üçün təşkil etdiyi "Sığorta və sığorta mədəniyyəti" adlı maarifləndirmə layihəsinə 2013-cü ilin iyul ayından başlanılıb və indiyədək bu təlimdən müxtəlif universitetlərin 2 min 115 tələbəsi yararlanıb.

"Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıqlarını daha da artırmaq, həyat sığortası məhsulları ilə bağlı cəmiyyəti maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır. Şirkətin maarifləndirmə ilə bağlı həyata keçirdiyi bu layihə sığorta bazarının ən uzunmüddətli layihəsidir. Düşünürəm ki, gələcəkdə biz bu cür layihələrin sayını artırmaqla ölkənin sığorta bazarının inkişafına öz töhfəmizi vermiş olacağıq", - deyə P.Quliyev vurğulayıb.

Qeyd edək ki, "PAŞA Həyat" şirkəti sosial məsuliyyətini dərindən dərk edərək gənclərin bilik və bacarıqlarının artmasına, eləcə də onların sığorta sahəsində maariflənməsinə daim dəstək olub. Şirkət öz layihələri çərçivəsində növbəti ildə də gənclərə olan qayğısını bir daha nümayiş etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.