CƏMİYYƏT
“Pasportların yoxlanılması proseduru üzrə” metodik vəsaitin təqdimatı olunub
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də “Pasportların yoxlanılması proseduru üzrə metodik vəsait” kitabının Azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak metodik vəsait haqqında məlumat verib.
S.Aktoprak bildirib ki, kitab ikinci nəşr olaraq 200 nüsxədə çap olunub. Bildirilib ki, ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosunun (INL) maliyyə dəstəyi ilə 2015-ci il sentyabrın 24-dən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə həyata keçirilən “Azərbaycanda inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə milli potensialın gücləndirilməsi” adlı geniş əhatəli layihə çərçivəsində BMqT DSX-nın Baş Qərargahı və Akademiyasının istifadəsi üçün “Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin ikinci nəşrini Azərbaycan dilində çap etdirib.
Sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr Baş İdarəsinin rəis müavini polkovnik Murad Nağıyev qeyd edib ki, bu cür metodiki vəsaitlərin hazırlanması çox əhəmiyyətlidir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti yarandığı gündən bu günə kimi aparıcı ölkələrin müəyyən qurumları ilə sənədlərin təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq edir. Bu çərçivədə müəyyən addımlar atılıb və müxtəlif tədbirlər görülüb.
Təqdimatda çıxış edən BMqT-nin İmmiqrasiya və Sərhəd İdarəçiliyi üzrə proqramının rəhbəri xanım Meltem Ersan layihədən və onun nailiyyətlərindən ətraflı bəhs edib, BMqT Tanzaniyanın İmmiqrasiya və Sərhəd İdarəçiliyi üzrə təlim mütəxəssisi Qoncalves Nelson Qarcao “Pasportların yoxlanılması proseduru üzrə” metodik vəsaitin ikinci nəşrinin əhəmiyyətindən danışıb.
Daha sonra metodik vəsait barədə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.