ELM VƏ TƏHSİL
"Qardenklub" ekoloji sosial maarifəndirmə klubunun qurulması layihəsinə başlanılıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında (MNB) "Qardenklub" ekoloji sosial maarifləndirmə klubunun qurulması layihəsinə başlanılıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mərkəzi Nəbatat Bağının və Botanika İnstitutunun təşkilatçılığı ilə həyata keçirilir.
MNB-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və onların ekoloji maarifləndirilməsidir.
Layihə çərçivəsində “Danışan oduncaq halqaları” mövzusunda seminar məşğələləri təşkil olunub. Praktik məşğələlər zamanı şagirdlərə ağacdan nümunə götürülməsi qaydaları, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişikliklər izah edilib.
Dekabrın 10-dək davam edəcək təlimlər “Bitkinin görünməyən memarları”, “Azərbaycanlı bitkilər”, “Ekoloji təhlükəsizlik”, “Kiçik bağbanlar” və s. mövzular üzrə keçiriləcək.