MƏDƏNİYYƏT
"Qayınana"nın Sevdası dünyasını dəyişib
Bakı, 5 avqust, AZƏRTAC
Tamaşaçıların yaddaşına "Qayınana" filmində yaratdığı Sevda rolu ilə əbədi həkk olan istedadlı aktrisa, Azərbaycanın əməkdar artisti Tanilya Əhmərova uzun sürən xəstəlikdən sora avqustun 4-də dünyasını dəyişib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
T.Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bir çox filmlərdə rol alıb. O, "Sevinc buxtası", "Şir evdən getdi", "Üzü küləyə", "Qayınana", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Portağal" (Ukrayna), "Hər şeydən əvvəl düzlük" (Özbəkistan), "Dağıdılmış körpü" və s. filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb.
Aktrisa bu gün torpağa tapşırılacaq.
Allah rəhmət eləsin.