İDMAN
"Qəbələ" səfərdə Macarıstanın MTK komandasına qalib gəlib
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 14-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" klubu ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Macarıstanın Qyor şəhərindəki "Qyirmoti" stadionunda yerli MTK klubu ilə qarşılaşıb.
İsveçli baş hakim Bojan Pandziçin idarə etdiyi oyunun 24-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri hesabı açıb. Komandaların səylərinə baxmayaraq, oyunun ilk hissəsində hesab dəyişməyib.
İkinci hissəyə daha fəal başlayan "Qəbələ" matçın 63-cü dəqiqəsində istəyinə nail olub. Qəbələ təmsilçisinin xorvatiyalı futbolçusu Filip Özobiç ikinci topu rəqib qapısından keçirib. Görüşün 70-ci dəqiqəsində MTK-nın futbolçusu Sandor Torqhelle hesab arasındakı fərqi azaldıb.
Beləliklə, görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, "Qəbələ" turnirin birinci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubunu yarışdan kənarlaşdırıb.