SİYASƏT


"Qeyri-ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda seminar başa çatıb

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə Bakıda "Qeyri-ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda keçirilən ikigünlük seminar işini oktyabrın 11-də müzakirələrlə davam etdirib.

AZƏRTAC xəbər verir ki, seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link, Avropa kilsələri şurasının icraçı katibi Elizabet Kitanoviç, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, DQİDK-nın xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, ilahiyyatçı-alim Aqil Şirinov, dini konfessiyaların nümayəndələri və gənclər iştirak ediblər.

Seminar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun din və etiqad azadlığı üzrə baş məsləhətçisi Kişan Manocanın moderatorluğu ilə effektiv dinlərarası dialoqun asanlaşdırılması mövzusunda müzakirələrlə başlayıb.

Avropa Kilsələri Konfransının icraçı direktoru Elizabet Kitanoviç çıxış edərək bu cür müzakirələrin təşkil edilməsinin digər dinlərə, mədəniyyətlərə hörmətlə və dözümlü yanaşmaq üçün geniş imkanlar yaratdığını deyib. O bildirib ki, dini dözümsüzlüyün aradan qaldırılması çox mühüm problemdir.

DQİDK-nın xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycanda dinlərarası dialoqun vəziyyəti barədə məlumat verərək bildirib ki, ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri arasında bərabərlik mövcuddur. Dini müxtəlifliyə hörmətin və tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğunu deyən N.Məmmədli Azərbaycanda bu mühitin tarixinin qədim olduğunu bildirib. O qeyd edib ki, müxtəlif dinlərə, mədəniyyətlərə qarşı dözümlülük Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu Öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin əsaslarından birinə çevrilib. N.Məmmədli deyib ki, ölkəmizdə məzhəblərarası ayrı-seçkilik müşahidə edilməyib, mütəmadi olaraq dövlət tərəfindən İslam və qeyri-İslam dini icmalarına maliyyə vəsaiti ayrılır. Ölkəmizdə 27 qeyri-islam, 700-dən artıq İslam dini icması fəaliyyət göstərir və Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, onlar hamısı dövlətin qayğısını hiss edirlər.

Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link çıxış edib. O bildirib ki, dinlərarası dialoqun asanlaşdırılması üçün Azərbaycanın təcrübəsindən yararlanmaq olduqca vacibdir. Seminarın məlumat və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyən Mixail Link Azərbaycanda dəfələrlə səfərdə olduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycanda müşahidə etdiyi dini dözümlülük mühiti, insanların digər dinlərin, xalqların nümayəndələrinə humanist münasibəti, müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə dini abidələri ziyarət etməsi, rahat şəraitdə ibadət etmələri onu heyrətləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Azərbaycanın din tarixi barədə seminar iştirakçılarına geniş məlumat verib. O bildirib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və qardaşlıq mühitində yaşayırlar. Azərbaycanın dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri ilə zəngin ölkə olduğunu deyən Səyyad Salahlı bu gün bu sahədə dünyanın dialoqa böyük ehtiyacı olduğunu vurğulayıb. O bildirib ki, dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında din xadimlərinin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Bəşəriyyətin gələcək taleyi və sabitliyi müəyyən mənada dinlər və mədəniyyətlərarası dialoqun baş tutmasından, eləcə də birgə əməkdaşlığın genişlənməsindən asılıdır.

Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə baş tutan ikigünlük seminarın bu sahədə uğurlu olacağına əminliyini bildirib.

BBMM-in əməkdaşı Sərxanbəy Xuduyev qurumun fəaliyyəti, Azərbaycanın multikulturalizm təcrübəsinin dünya gəncləri arasında təbliği və təşviqi istiqamətində mərkəzin həyata keçirdiyi layihələr haqqında məlumat verərək deyib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldığı iki ildən artıq müddət ərzində Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirməkdədir.

Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 20, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq məhəbbətə çevrilib”.

Seminar işini müzakirələrə başa çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.