İDMAN
"Rio-2016" Yay Olimpiya Oyunlarının yeddinci günündə daha 24 dəst medal sahibini tapacaq
Bakı, 12 avqust, AZƏRTAC
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yeddinci günündə - avqustun 12-da idmançılar 24 dəst medal uğrunda yarışacaqlar.
AZƏRTAC xəbər verir ki, kişilər arasında 12, qadınların mübarizəsində isə 11 dəst medal sahibini tapacaq.
Kişilərin mübarizəsində akademik avarçəkmə (cütlük, dördlük), atıcılıq (tüfəngdən uzanıq vəziyyətdə atəşaçma), tennis (cütlüklər), atletika (20 kilometr məsafəyə idman yerişi), kamandan oxatma (fərdi), cüdo (100 kq-dan yuxarı), qılıncoynatma (rapira üzrə komanda yarışı), velosiped idmanı (trek), ağır atletika (85 kq), 50 metr məsafəyə sərbəst və 100 metr məsafəyə batterflay üsulu ilə üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək.
Qadınlar arasında isə akademik avarçəkmə (cütlük və cütlüklərin sükansız yarışı), atletika (10000 metr məsafəyə qaçış, nüvəitələmə), atıcılıq (skit), ağır atletika (75 kq), gimnastika (batut), cüdo (78 kq-dan yuxarı), velosiped idmanı (komanda sprint yarışı), 200 metr məsafəyə beliüstə və 800 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında medallar sahibini tapacaq.
Həmçinin bu gün atçılığın konkur növü üzrə komanda yarışlarının qalibləri bilinəcək.
Mötəbər yarışın yeddinci günündə beş Azərbaycan idmançısı mübarizə aparacaq. Kişilərin yarışında cüdoçumuz Uşanqi Kokauri (100 kq-dan yuxarı), 25 metr məsafəyə atəşaçmada Ruslan Lunyov, boksçularımız Albert Səlimov (60 kq) və Kamran Şahsuvarlı (75 kq), qadınların atletika yarışlarında isə çəkicatma növündə Hanna Skidan ölkəmizi təmsil edəcək.