İDMAN
"Roma"ya transfer olunan türkiyəli futbolçu Arda Turanın rekordunu yeniləyib VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
İtaliyanın “Roma” klubu Türkiyə millisinin və “İstanbul Başakşehir” komandasının gənc yarımmüdafiəçisi Cengiz Ünderi transfer edib.
AZƏRTAC İtaliya klubunun rəsmi saytına istinadla xəbər verir ki, Romada tibbi müayinədən keçən 20 yaşlı yarımmüdafiəçi yeni komandası ilə beşillik müqaviləyə imza atıb.
İtaliya təmsilçisi futbolçunu heyətinə qatmaq üçün Türkiyə klubuna 15 milyon avro ödəməyə razılaşıb. Bu vəsait, eyni zamanda, Türkiyə Super Liqasında çıxış edən komandadan xarici kluba transfer olan yerli futbolçuya ödənən ən böyük məbləğdir. C.Ünder bu transferlə 2011-ci ildə “Qalatasaray”dan “Atletiko” (Madrid) klubuna 13 milyon avroya transfer olan Arda Turana məxsus rekordu da yeniləyib. Gənc futbolçunun yeni komandasında illik məvacibi 1,5 milyon avro təşkil edəcək.
İtaliya mətbuatı yarımmüdafiəçini oyun tərzinə görə “türkiyəli Dibala” kimi təqdim edib.
Ötən mövsüm “İstanbul Başakşehir” klubunun heyətində 43 oyunda meydana çıxan yarımmüdafiəçi 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Türkiyə millisinin heyətində isə 2 qol vurub.
İngiltərənin “Mançester City” komandasının da maraq dairəsində olan futbolçu "Roma"da əsas heyətdə çıxış edəcəyi ilə bağlı bu klubun baş məşqçisinin vədindən, sonra İtaliya təmsilçisi ilə müqaviləyə razılıq verib.
Xatırladaq ki, “Roma” klubu 2014-cü ildə “Fənərbağça”dan başqa bir türkiyəli futbolçunu - Salih Uçanı da transfer etmişdi.