CƏMİYYƏT
"Rotary Motors" yalan reklama görə 13,5 min manat məbləğində cərimələnib
"Mazda CX-9" markalı avtomobilin satışında haqsız və bilərəkdən yalan reklam əlamətləri aşkar olunub. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları avtomobilin "İndi Mazda CX-9-u illik 0% kreditə əldə etmək mümkündür" məzmunlu reklamının istehlakçıları çaşdırdığını müəyyən ediblər. Bununla əlaqədar reklamın sifarişçisi olan "Rotary Motors" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılarkən avtomobilin kreditlə əldə edilməsi üçün 40 faiz ilkin ödənişin tələb edilməsi barədə informasiyanın gizlədildiyi, eləcə də reklamın yayımlandığı dövrdə avtomobilin nağd satış qiymətinin kreditlə satış qiymətindən aşağı olduğu aşkarlanıb.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Mazda CX-9" markalı avtomobillərin satışını həyata keçirən və qeyd olunan reklamların sifarişçisi "Rotary Motors" MMC-yə 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.