İQTİSADİYYAT
"Şahdəniz-2" platformalarının iki üst tikilisinin inşasının 93 faizi tamamlanıb
Bakı, 22 sentyabr, Nihad Budaqov, AZƏRTAC
"Şahdəniz-2" platformalarının iki üst tikilisi hazırda “ATA” (Amec-Tekfen-Azfen) konsorsiumu tərəfindən Bibiheybət ərazisindəki "Azfen" tikinti quraşdırma sahəsində inşa edilir. Üst tikililərlə bağlı işlər qrafikə uyğun davam edir və onların 2017-ci ilin yay aylarında dənizdə quraşdırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrellin, o cümlədən də jurnalistlərin iştirakı ilə üst tikililərin inşası üzrə zavodda keçirilən təqdimatda bildirilib.
Üst tikililərinin inşası üzrə layihə meneceri Rəhman Rəhmanov qeyd edib ki, "Şahdəniz-2" platformasının üst tikililərinin ümumi çəkisi 28 min 500 ton təşkil edir. Tikililər 16 min 500 boru qovşaqlarından və 881 kilometr kabel xəttindən ibarətdir. İki üst tikili çəkisi 12 min ton təşkil edən yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsindən, çəkisi 16 min 500 ton olan hasilat və dikborular platformasının göyərtəsindən ibarətdir. BP-nin təchizat-tədarük qrupu bu iki göyərtənin inşası üçün 3,1 milyondan çox hissə təchiz edib.
R.Rəhmanov bildirib ki, hazırda iki üst tikilinin inşasının 93 faizi tamamlanıb. Yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsi üzrə işlərin 98 faizi, hasilat və dikborular platformasının göyərtəsi üzrə işlərin isə 91 faizi başa çatıb. Artıq yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsində 50 yaşayış modulu quraşdırılıb.
"İşlərin bu cür irəliləyişi bizə imkan verib ki, planlaşdırılan tarixi üç ay qabaqlayaraq "Şahdəniz-2" üzrə üst tikilinin istismar sınağı fəaliyyətlərinə bu ilin martında başlayaq. Hazırda istismar sınağı fəaliyyətlərinin ümumilikdə 40 faizdən çox hissəsi tamamlanıb", - deyə layihə meneceri əlavə edib.
İlk dəfədir ki, yerli podratçı vasitəsilə sahədən istismar sınağı üzrə yerli texniklərin təcrübəsindən istifadə edildiyini deyən R.Rəhmanov bildirib: “Bundan əlavə, istehsal layihələndirmə işləri də yerli podratçı tərəfindən səmərəli şəkildə və vaxtında yerinə yetirilib. Pik dövrdə “ATA” tikinti-quraşdırma sahəsində üst tikililərin tikintisi fəaliyyətlərinə təxminən 5 min 200 nəfər cəlb edilib və onların 88 faizdən çoxu yerli işçi qüvvəsindən ibarət olub. Tikinti, istehsal-quraşdırma və istismar sınağı fəaliyyətləri ərzində sahədə ciddi texniki təhlükəsizlik göstəricilərinə nail olunub”.
Qeyd edək ki, Azərbaycandakı dünya səviyyəli tikinti sahələrinin tarixində ilk dəfə olaraq "Şahdəniz-2" platformalarının inşasının 100 faizi ölkə daxilində həyata keçirilir.