DÜNYA
"Samsung" "Galaxy Note 7" telefonunu geri çağırmaqla 3 milyard dollar itirir
Bakı, 14 oktyabr, AZƏRTAC
Yeni smartfon "Galaxy Note 7" telefonlarının yanması səbəbindən onun istehsalını dayandırması növbəti iki rübdə Koreya Respublikası məhsulu olan "Samsung" şirkətinin gəlirlərini 3 milyard dollara qədər azaldacaq.
AZƏRTAC "bbc.az"a istinadla xəbər verir ki, şirkətin yaydığı son hesabata əsasən, bu ilin üçüncü rübündə şirkətə dəyən zərər iki milyard dollar həcmində olub. "Galaxy Note 7" smartfonlarının batareya yüklənməsindən sonra alışması səbəbindən məhsulları geri çağırıb və onları yenisi ilə əvəz etdikdə eyni hal yaşandığından telefonların istehsalını dayandırıb.
Bu ərəfədə "Samsung"un aksiyaları təqribən 8 faiz aşağı düşüb.
Avqustun 19-da təqdim edilən "Galaxy Note 7" smartfonları "Samsung"un sonuncu fablet (iri ekranlı smartfon) modelidir və "Apple"nin yeni model telefonu olan "iPhone 7"yə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu.
Şirkətdən bildirirlər ki, "mobil biznesini normallaşdırmaq üçün" digər əsas mobil telefon markaları olan "Galaxy S7" və "S7 Edge" satışını genişləndirə bilər.
Qeyd edək ki, sentyabr ayında batareya yüklənməsi zamanı və ardınca telefonun alışması hallarının qeydə alınması səbəbindən 2,5 milyon "Note 7" cihazlarını geri çağırmışdı.