İQTİSADİYYAT
"Savalan" şərablarının Qazaxıstanda keçiriləcək ixrac missiyası çərçivəsində təqdimatı olacaq
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi bir daha sahibkarlara və iş adamlarına, o cümlədən "ASPİ AGRO" MMC olaraq bizə gələcək fəaliyyətimizdə bütün imkanlarımızı səfərbər edərək daha yüksək keyfiyyətli şərab məhsulları istehsal edib ixrac potensialımızı artırmaq üçün stimul verdi. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar respublikamızda sahibkarlıq mühitinin gələcək fəaliyyətinin inkişaf etdirilməsində əvəzsiz rola malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə "ASPİ AGRO" MMC-nin iqtisadi məsələlər üzrə müdirinin müavini Cahangir Şəfizadə deyib.
C.Şəfizadə qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizdə üzümçülüyün inkişafı, ixracyönümlü yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq "ASPİ AGRO" MMC-də mühüm işlər görülür. Şirkətin Qəbələ rayonundakı üzüm bağlarında 21 texniki və 14 süfrə üzüm sortları yetişdirilir. Yetişdirilən üzüm növləri dünya standartlarına cavab verən yüksək keyfiyyətli şərabların hazırlanması üçün şirkətə məxsus "Savalan" üzüm emalı müəssisəsinə verilir. İtaliyanın ən məşhur şirkətlərindən biri olan "Della Tofolla" şirkətinin avadanlıqları ilə təchiz olunmuş şərab zavodunda hazırda "Savalan" brendi ilə 16 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir.
"Aprelin 23-26-da Qazaxıstan Respublikasının Almatı və Astana şəhərlərində keçiriləcək ixrac missiyasında iştirak edəcəyik. Hazırda Azərbaycan məhsulu olan "Savalan" şərabları Rusiya, Türkiyə, Hollandiya və Çinə ixrac edilir. Məhsullarımızın əsas sifarişçisi əsasən Rusiya və Avropa ölkələridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər "Made in Azerbaijan" brendinin xarici ölkələrdə daha yüksək səviyyədə təşviqinə hesablanıb ki, bu da ümumilikdə ölkəmizin dünya iqtisadi birliyinə inteqrasiyasına yeni təkan verəcək", - deyə C.Şəfizadə diqqətə çatdırıb.
Qeyd edək ki, ilk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Honkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quançjou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib. İxrac missiyası zamanı Çinə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və müqaviləyə əsasən artıq "Savalan" şərablarının Çinə ixracına başlanılıb. Həmçinin Quançjou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olan "Savalan Syrah" markalı şərabı qızıl medala layiq görülüb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Almaniyanın Düsseldorfd şəhərində keçirilən "Prowein" sərgisində nümayiş olunub. Bu sərgidə "ASPİ-AGRO" MMC şirkəti də istehsal etdiyi "Savalan" markalı şərabları ilə iştirak edib. 130 ölkədən 60 minə yaxın ziyarətçinin iştirak etdiyi "Prowein" sərgisində Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. "Prowein"in internet kanalında Azərbaycan stendinə və şərab məhsullarımıza dair xüsusi buraxılış yayımlanıb.