DÜNYA
"Saxo Bank" istiqraz ticarəti üçün ilk rəqəmsal həlli istifadəyə verib
Bakı, 14 sentyabr, AZƏRTAC
Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" korporativ və dövlət istiqrazları üçün ilk rəqəmsal həlli istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Saxo Bank" müştərilərinə 20 fərqli valyutadan istifadə edərək investisiya səviyyəli 5 mindən çox yüksək gəlirli korporativ və dövlət istiqrazları ilə ticarət etmək şansını təklif edəcək. Aktivlərin geniş çeşidinə sahib həll "SaxoTraderGO" ticarət platformasına oktyabrda yerləşdiriləcək.
"Saxo Bank"ın texnologiya ekspertizası və bankın istiqraz bazarlarında 40 ən böyük likvidlik tədarükçüsü ilə tərəfdaşlığı pərakəndə və institusional müştərilərə müəyyən gəlirli qiymətli kağızlarla daha şəffaf, əlverişli və effektiv ticarət etmək imkanı yaradacaq.
İstiqrazların ticarəti üçün nəzərdə tutulmuş "Saxo Bank"ın rəqəmsal həlli dünya istiqraz bazarı ilə birbaşa, rəqabətqabiliyyətli, şəffaf və effektiv şəkildə əlaqə yaratmağa imkan verir. İstiqraz üzrə hər sorğu istiqraz bazarında 40-a yaxın ən böyük likvidlik tədarükçüsünün iştirak etdiyi dilerlərin hərracına göndərilir. Hazırlanmış texnologiya sayəsində bəzi ticarət sövdələşmələri bir neçə saniyə ərzində yerinə yetirilir. Daha önəmlisi isə çoxsaylı dilerlər arasında yüksək rəqabət şəraitində müştərilər əhəmiyyətli həcmdə pula qənaət edə bilərlər. "Saxo Bank"dan tam rəqəmsal genişmiqyaslı həll müştərilərə korporativ istiqrazlar üzrə qiyməti orta hesabla 30, dövlət istiqrazları üzrə isə 5-10 bazis bəndi yaxşılaşdırmağa imkan yaradır.
İri institusional investorlar artıq bir müddətdir ki, likvidli dövlət və korporativ istiqrazların elektron ticarətinə çıxış əldə ediblər. Lakin investorların böyük hissəsi istiqrazların elektron ticarətindən faydalana bilmir. "Saxo Bank" bu vəziyyəti dəyişmək və effektiv ticarətə çıxışı müstəqilləşdirmək niyyətindədir.
Qeyd edək ki, "Saxo Bank Group" şirkətlər qrupu özəl investor və korporativ müştərilərə investisiyalar, ticarət texnologiyaları, maliyyə alətləri və strategiyaların tam spektrini təklif edərək kompleksli onlayn ticarət və investisiyalar sahəsinin aparıcı mütəxəssisidir. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşən bankın London, Sinqapur, Paris, Sürix, Dubay və Tokio kimi dünya maliyyə mərkəzləri daxil ümumilikdə, 1500-dən çox işçisi var.