DÜNYA
"Sberbank" pul daşınması üçün pilotsuz dronu sınaqdan keçirib
Bakı, 16 iyun, AZƏRTAC
"Sberbank" pul daşınması üçün pilotsuz təyyarəni sınaqdan keçirib.
AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, bank sədrinin birinci müavini Lev Hasis pilotsuz uçuş aparatının ilk sınağının uğurla həyata keçirildiyini deyib. Belə ki, aparat nağd pulu kassa mərkəzindən inkassator avtomobilinədək çatdırılmasını yerinə yetirib. Pilotsuz aparatın uçuş sürəti saatda təxminən 180 kilometr, uçuşun həyata keçirildiyi məsafə 10 kilometr olub.
Aparatın kənar müdaxiləsinə də qarşı ehtiyat tədbirləri görülüb. Belə ki, kənar şəxslərin müdaxiləsi zamanı dron açılarsa içindəki əsginazlar xüsusi yerləşdirilmiş boya kapsulaları vasitəsilə mavi rəngə boyanaraq yararsız hala gətirilir.
Rusiya Kosmik Sistemlərin (RKS) mütəxəssisi Mixail Kiriçenko bildirib ki, Rusiyada kiçik pilotsuz aviasiya sistemlərinin uçuşlarının nəzarəti ilə məşğul olacaq infrastruktur yaradılacaq. Cari ilin sonunadək nəzarət sisteminin ilk təcrübə nümunəsi hazırlanacaq. RKS 2018-ci ildə bu texnologiyadan tam olaraq istifadə etməyi planlaşdırır.