İQTİSADİYYAT
"Şirvan" regional elektrik şəbəkəsi payız-qış mövsümünə hazırlaşır
Bakı, 12 avqust, AZƏRTAC
"Şirvan" Regional Elektrik Şəbəkəsi Müəssisəsində texniki göstəricilərin fəaliyyətinin təmin edilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son üç ayda müəssisənin balansına aid olan 330 kilovoltluq (kV) III “Şirvan” elektrik verilişi xəttinin 6 kilometri əsaslı təmir edilib, 70-dək izolyator yenisi ilə əvəz olunub. Eyni zamanda bu dövrdə 330 kV-lik 3-cü “İmişli”, 6-cı “Cənub”, 230 kV-lik “Parsabad”, 220 kV-lik 3-cü “Masallı” və digər bir neçə 220 kV-lik hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Bu xətlərin, ümumilikdə 8,6 kilometri təmir olunub, 370-dən artıq izolyator yenisi ilə əvəzlənib və 20-dək xətt armaturu quraşdırılıb. Analoji təmir işləri 110 kV-lik elektrik verilişi xətlərində də aparılıb. Bu dövrdə 55 kilometrə yaxın xətt əsaslı təmir edilib, 1000-dək izolyator və 10 xətt armaturu yenisi ilə əvəzlənib.