İQTİSADİYYAT
"Sovetski" ərazisində salınan yollardakı piyada keçidlərdə panduslar quraşdırılır
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi "Sovetski" ərazisində salınan yollarda hərəkətin təşkili istiqamətində işləri davam etdirir. Bu çərçivədə yeni salınan yollarda müəyyənləşdirilən 18 ədəd eynisəviyyəli piyada keçidlərinin hər birində pandusların düzəldilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
Bildirilib ki, fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin rahat hərəkət etməsinə imkan verəcək panduslar Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə müasir formada dizayn edilib. Panduslarla yanaşı, işıqforla nizamlanan piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq. Analoji pandusların düzəldilməsi və xəbərdaredici məlumatların yazılması yaxın vaxtlarda paytaxtın digər yollarında da təmin ediləcək. Artıq Bakı Nəqliyyat Agentliyi bununla bağlı xüsusi layihə hazırlayıb.
Qeyd edək ki, BNA-nın təqdim etdiyi layihəyə uyğun olaraq ləğv edilən "Statistika dairəsi"ndə və dəyişikliklər həyata keçirilən Füzuli meydanında nəqliyyatın hərəkətini tənzimləyəcək işıqforların yeri artıq müəyyənləşdirilib. Hazırda ərazidə müvafiq tikinti-quraşdırma işləri aparılır.