İQTİSADİYYAT
"Startap Azərbaycan" yarışmasının qalibləri ilə görüş olub
Bakı, 3 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Startap Azərbaycan" yarışmasının qalibləri və iştirakçıları iyulun 3-də nazir Əli Abbasovla görüşüblər.
AZƏRTAC xəbər verir ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startapçıların işirak etdiyi tədbirdə startap hərəkatının genişlənməsi və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparılıb.
Nazir Əli Abbasov beynəlxalq aləmdə, ölkədə startap və internet biznes sahəsində mövcud durumla bağlı məlumat verib. Ölkədə bu sektorun inkişafı üçün dövlət tərəfindən atılacaq kompleks addımlar haqqında danışan nazir informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrant şəklində maliyyə dəstəyinin həyata keçirildiyini diqqətə çatdırıb.
Fondun icraçı direktoru Elçin Zeynalov startap sahəsinin inkişafı məsələlərinə toxunaraq bu sahənin diqqət mərkəzində olduğunu bildirib. O, "Startap Azərbaycan" tədbirlərinin ölkədə bu sahənin inkişafında mühüm töhfələr verdiyini qeyd edib. Fondun direktoru İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun həyata keçirdiyi layihələr və gələcək planlarla bağlı da məlumatı iştirakçılara çatdırıb.
Tədbirdə fondun elan etdiyi 1-ci və 2-ci qrant müsabiqələrinin qalibi olmuş layihələr barədə təqdimatlar keçirilib, fond haqqında video təqdimat nümayiş olunub.
Sonda startap layihələr tərəfindən İKT sahəsində sahibkarlığın inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunmuş təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması sahəsində qrant müsabiqələri keçirir. Elan ediləcək növbəti qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn qeydiyyatdan keçərək öz layihələrini təqdim edə bilərlər.