İQTİSADİYYAT
"Startap və hüquqi problemlər" mövzusunda seminar keçiriləcək
Bakı, 5 mart, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında martın 6-da "Startap və hüquqi problemlər" mövzusunda seminar keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda informasiya texnologiyaları sahəsində əqli mülkiyyət hüquqlarının qorunması, xüsusiyyətləri və problemləri, hüquqi şəxsin təsis edilməsi və yaranan əsas problemlər, hüquqi şəxsin fəaliyyətinin hüquqi tənzimlənməsi və s. mövzular üzrə məruzə və çıxışlar nəzərdə tutulur.
Yüksək Texnologiyalar Parkı, "Khazar Ventures" və ADM leqal hüquq şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirin məqsədi innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması məqsədilə yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə, o cümlədən startapların formalaşdırılmasına göstərilən dəstəyin təmin edilməsidir.