İQTİSADİYYAT
"Texnikabank"ın 20 min 340 əmanətçisinə 123 milyon 166 min 426 manat ekvivalentində kompensasiya ödəniləcək
Bakı, 12 fevral, AZƏRTAC
"Texnikabank"ın əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov fevralın 12-də "Texnikabank" ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
A.Cavadov diqqətə çatdırıb ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən bankın 20 min 340 qorunan əmanətçisinə 123 milyon 166 min 426 manat ekvivalentində kompensasiya ödəniləcək. Fondun Himayəçilik Şurasının fevralın 11-də verdiyi qərara əsasən, sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq seçilmiş "Muğanbank" ASC, "Rabitə Bank" ASC, "Unibank" ASC və "Kapital Bank" ASC-nin filialları vasitəsilə veriləcək.
Ərizə formalarını qorunan əmanətçilər bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.