MƏDƏNİYYƏT
"The Business Year" jurnalında Azərbaycanın mədəniyyət və turizm nazirinin müsahibəsi dərc olunub
Bakı, 30 iyun, AZƏRTAC
Məşhur "The Business Year" jurnalında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsi dərc olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakıda keçirilən birinci Avropa Oyunlarının turizmə təsiri, beynəlxalq əməkdaşlıq, Azərbaycanda inkişaf etmiş turizm infrastrukturu, turizm sektorunun geniş imkanlarından söhbət açılan müsahibədə maraqlı fikirlər səsləndirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk olaraq birinci Avropa Oyunlarının Azərbaycanda turizm axınına yüksək təsir göstərəcəyini bildirib, oyunların ölkəmizdə bütün sahələr üzrə inkişafının əhəmiyyətindən danışıb.
Nazir yeni açılan "Four Seasons", "JW Marriott Absheron", "Jumeriah Bilgah Beach", "Fairmont", "Hilton Baku", "Kempinski Hotel Badamdar" kimi brend otellərin yaradılmasının turizm sənayesinə beynəlxalq təcrübə, menecment sistemi və yüksək standartların gətirdiyini xüsusi olaraq qeyd edib.
Beynəlxalq əməkdaşlıq sahəsində dünyada bir sıra nazirliklərlə, eləcə də BMÜTT, İƏT və s. kimi beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasının informasiya mübadiləsinin və beynəlxalq təcrübənin tətbiq edilməsində vacibliyi də vurğulanıb. Müsahibədə Şahdağ Turizm Mərkəzinin və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin Azərbaycanda qış turizm infrastrukturunun inkişafında olan mühüm rolu qeyd olunub.
Nazir bildirib ki, CNN, EURONEWS və dünyanın digər aparıcı telekanalları vasitəsilə bütün dünyada Azərbaycanın qış və yay turizm potensialının fəal təbliğatı aparılır.
Həmçinin müsahibədə ölkəmizdə işgüzar turizm, mədəni turizm, sağlamlıq turizm növlərinin geniş imkanlarının olduğu da vurğulanıb.