MƏDƏNİYYƏT
"Tilsimli meşə" səhnəyə çıxır
Bakı, 7 oktyabr, AZƏRTAC
Yeni mövsümünə uğurla start verən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqləri gedir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, balacaların sevimli məkanında bu dəfə klassik nağıl qəhrəmanlarının iştirakı ilə bir nümunə ərsəyə gətirilir.
Teatrın baş rejissoru Qurban Məsimovun hazırladığı "Tilsimli meşə" adlı nağıl-tamaşa kuklaların rəngarəngliyi və say çoxluğu ilə də seçiləcək.
Məhəmməd və Xəlil adlı iki qardaşın macəralarını, qəhrəmanlıq və sehr dolu aləmdəki mənfi qüvvələrlə mübarizəsini əks etdirən tamaşa uşaqlara mərdlik, cəsarət, əzmkarlıq və mübarizlik kimi hisslər aşılayır.
Tamaşa müəllifinin sözlərinə görə, öz cəsarətini nümayiş etdirmək istəyən iki qardaş uşaqlıqdan qorxulu sehrləri ilə hər kəsi vahiməyə salan tilsimli meşəyə gedib, orada əsir saxlanılan padşahın qızını xilas etməyə çalışırlar. Anasının və ətrafdakıların etirazlarına rəğmən meşəyə gedən və ifritələr, sehr dolu cadugərlərlə mübarizə aparan qardaşlar əzmləri, qorxmazlıq və fəndgirlikləri sayəsində bütün girovları, eləcə də padşahın qızını xilas edib qəhrəman kimi öz evlərinə dönürlər.
Zəngin səhnə tərtibatlı birhissəli tamaşada 17-dək kukladan istifadə edilir.
Teatrın baş rəssamı İqbal Əliyevin quruluşçu rəssamı olduğu tamaşanın musiqi tərtibatı da məşhur klassik musiqilərdən seçmələr əsasında tərtib olunub.
Tamaşada əsas rolları teatrın gənc aktyorları Elnur Xəlilov, Cavid Telman, Nərmin Nəbiyeva, Sona Quliyeva, Aygül Ağayeva və İlahə İmanova ifa edirlər.
Döşəmə kuklaların istifadə olunduğu yeni səhnə işi oktyabrın sonlarında balaca tamaşaçıların ixtiyarına veriləcək.