İQTİSADİYYAT
"Ulduz" şokolad fabrikinin məhsulları 20-yə yaxın ölkəyə ixrac olunur
Bakı, 10 mart, AZƏRTAC
“Veysəloğlu” şirkətlər qrupuna daxil olan "Ulduz" şokolad fabrikinin məhsulları "Azərbaycan malı" brendi ilə 20-yə yaxın ölkəyə ixrac olunur.
Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin başçılıq etdiyi nümayəndə heyəti “Veysəloğlu” şirkətlər qrupunun işi ilə tanış olub.
Milli Məclisin deputatları Mahir Abbaszadə və Tahir Mirkişilinin də daxil olduğu nümayəndə heyətinin şirkətə səfərində məqsəd ölkə başçısının sahibkarlığın inkişafina göstərdiyi diqqət və qayğı, yerli istehsalın stimullaşdırılması, bu istiqamətdə olan maneələrin aradan qaldırılması, iş adamlarına lazımi köməyin göstərilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası və onları maraqlandıran məsələlər ilə yaxından tanış olmaqdır.
Nümayəndə heyəti "Ulduz" şokolad fabrikinə gələrək burada yaradılmış iş yerləri və istehsalat prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar "Azərbaycan malı" brendi altında dünyanın 20-yə yaxın ölkəsinə ixrac olunaraq hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Həmçinin qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və verdiyi dəstək nəticəsində müəssisənin istehsal gücü bir neçə dəfə artırılıb.
Ziyad Səmədzadə qeyri-neft sektorunun, o cümlədən yerli sahibkarlığın inkişaf etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılmasının daim ölkə başçısının diqqət mərkəzində olduğunu və bu istiqamətdə iş adamlarına lazımi şəraitin yaradılacağını vurğulayıb.