İQTİSADİYYAT
"WorldFood Azerbaijan 2016" da 34 ölkəni təmsil edən 313 şirkət iştirak edəcək
Bakı, 18 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 19-dan 21-dək Bakıda keçiriləcək XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro-2016” sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sərgilərlə bağlı mətbuat konfransında deyib.
Sərginin böyük əhəmiyyətə malik olduğunu söyləyən nazir müavini qeyd edib ki, belə sərgilər bütün ölkələrin iş adamlarının qarşılıqlı münasibət yaratması, əməkdaşlıq etməsi üçün bir meydandır. Azərbaycanda gedən inkişaf, ölkəmizdə əlverişli investisiya mühiti sərginin əhəmiyyətini daha da yüksəldir. Kənd təsərrüfatı mühüm sahədir. Çünki ölkə əhalisinin, demək olar ki, 40 faizi aqrar sektorda çalışır. Bu, həm sosial, həm də iqtisadi məsələdir. Buna görə də ölkəmizdə hər il kənd təsərrüfatının inkişafına təkan verən ənənəvi qida sənayesi və kənd təsərrüfatı sərgiləri təşkil olunur.
Uzun illərdir ki, beynəlxalq sərgiyə Kənd Təsərrüfatı Nazirliyi yaxından dəstək göstərir. Sərgilər, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Tədbirlərin təşkilatçıları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.
Bildirilib ki, builki sərgilərdə iştirak edən 313 şirkətdən 210-u xarici, 103-ü isə yerli şirkətlərdir. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən yerli və beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribüter və təchizatçıları iştirak edəcəklər.
Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin builki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcək.
"WorldFood Azerbaijan 2016" sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri keçiriləcək. Bu cür ikitərəfli "B2B" görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq.
Eyni zamanda, həmin gün keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian 2016" sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.