REGİONLAR
"Yay təcrübəsi proqramı” layihəsi nəzəri bilikləri təcrübədə daha da zənginləşdirir
Sumqayıt, 16 sentyabr, AZƏRTAC
"Azərikimya” İctimai Birliyinin (İB) akt zalında Türkiyənin ən nüfuzlu neft-kimya şirkətlərindən olan "Petkim Petrokimya Holding”də təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşü giriş sözü ilə "Azərikimya” İB-nin icraçı direktorunun müavini Xalıq Mustafayev açaraq neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulmasının vacibliyindən danışıb.
Natiq bildirib ki, "Yay təcrübəsi proqramı” layihəsi çərçivəsində İB-nin dəstəyi ilə respublikanın aparıcı ali təhsil müəssisələrinin - Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Sumqayıt Dövlət Universitetinin kimya və kimya mühəndisliyi fakültələrinin tələbələri əvvəlcə Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində 10 gün kimya sənayesi ilə bağlı təcrübi biliklərini artırıb, seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçərək, nəzəri biliklərini təcrübədə daha da zənginləşdiriblər. Sonra isə bir ay müddətində Türkiyənin İzmir şəhərində yerləşən, dünyanın nüfuzlu şirkətlərindən olan "Petkim Petrokimya Holding” şirkətində istehsalat təcrübələrini davam etdiriblər.
O deyib: “Bu təcrübələrin sonunda tələbələr tərəfindən verilən ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqə keçiriləcək. Məqsədimiz həm tələbələr arasından özümüzə gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır”.
"Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman önəmli olduğunu və hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməsini vurğulayıb. “Bunun üçün yaradılan şəraitdən səmərəli istifadə olunmalı, sabahın mühəndisi olmaq istəyən tələbə mövcud potensialını ortaya qoymağı bacarmalıdır. Biz bu məsələyə ciddi yanaşır, gənclərə dəstək olmağı, onlara stimul verməyi kimya sənayesinin gələcəyimizə zəmanət kimi dəyərləndiririk”, - deyə natiq bildirib.
Tədbirdə "İstehsalat üzrə ən yaxşı səmərələşdirici təklif və ideyaların qiymətləndirilməsi” mövzusunda keçirilən müsabiqədə səmərələşdirici təklifləri yüksək dəyərləndirilən 4 tələbəyə "Azərikimya” İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.