ELM VƏ TƏHSİL
"Yeni fikir müsabiqəsi 2017"nin yarımfinal mərhələsi keçirilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) 2013-cü ildən hər il mütəmadi olaraq keçirilən "Yeni fikir müsabiqə"sinin builki əsas tərəfdaşıdır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, YTP-nin müsabiqəyə baş sponsor olmasının əsas məqsədi innovativ sahibkarlığın inkişafına töhfə vermək və yüksək texnologiyaların təkmilləşdirilməsi üçün önəmli olan mühitin formalaşmasına, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək göstərməkdir.
Yarışmaya biznesini qurmaq istəyən 842 startap komandası müraciət edib. Texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oynaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir.
Müsabiqədə iştirak üçün bu il 148 layihə təqdim olunub. Yarımfinal mərhələsinə 35 layihə vəsiqə qazanıb. Qiymətləndirmə zamanı layihəni həyata keçirməkdə iddialı olan komandanın bilik və bacarığı, məhsul və xidmətin səmərəliliyi, bazar potensialı, rəqabət gücü və digər bu kimi meyarlar nəzərə alınıb. İyunun 9-da keçiriləcək final mərhələdə beş layihə qalib elan ediləcək. Müsabiqədə iştirak edən uğurlu layihələrə YTP-də inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif ediləcək.
Müsabiqə AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə keçirilir.