CƏMİYYƏT
"Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.
Bildirilib ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi Azərbaycanın ərazisində bütün mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının bu qanunla və ona uyğun olaraq Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınması qaydalarını müəyyən edir.
Komitə sədri qeyd edib ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı bir sıra tələblər irəli sürülür. Onlardan biri nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi, digəri isə nəqliyyat vasitəsinin müayinəsinin növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılmasının təmin olunmasıdır. Təklifə əsasən texniki baxışın da bu sıraya əlavə edilməsi nəzərdə tutulur.
Yeni təklifə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.
Bildirilib ki, mövcud təklifə əsasən Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri – istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməməsini nəzərdə tutur. Qanuna əsasən istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə texniki baxışdan keçirilməsi nəzərdə tutulur. Nəticə etibarilə bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.
Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.