İQTİSADİYYAT
"Yunayted Kredit Bank"ın əmanətçiləri sabahdan "Unibank"ın filiallarına müraciət edə bilərlər
Bakı, 8 fevral, AZƏRTAC
Lisenziyası ləğv olunmuş "Yunayted Kredit Bank"ın əmanətçiləri fevralın 9-dan etibarən ərizə ilə agent bank seçilmiş "Unibank"ın filiallarına müraciət edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov fevralın 8-də "Yunayted Kredit Bank" ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
A.Cavadov diqqətə çatdırıb ki, "Yunayted Kredit Bank" ASC haqqında əldə olunan məlumatlar tam olmadığı və dəqiqləşdirilmələr aparıldığı üçün kompensasiyaların ödənilməsi prosesinə başlanılması tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən Fonda təqdim olunmuş 2 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktuba əsasən, "Yunayted Kredit Bank" ASC-nin öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib və bununla da "Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilir. Fevralın 2-si "Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.