İQTİSADİYYAT
"Ziraat Bank Azərbaycan" biznes proseslərini "Elektron Hökumət" portalı vasitəsilə avtomatlaşdırmaq niyyətindədir
Bakı, 1 iyul, AZƏRTAC
"Ziraat Bank Azərbaycan" biznes proseslərini "Elektron Hökumət" portalı vasitəsilə avtomatlaşdırmaq niyyətindədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu, Azərbaycanda yeni fəaliyyətə başlamış "Ziraat Bank Azərbaycan" ASC və "Elektron Hökumət" portalının əməkdaşları arasında keçirilən görüşdə müzakirə olunub.
Görüşdə portalın imkanları haqda bank nümayəndələrinə məlumat verilib. "Ziraat Bank Azərbaycan" ASC-dən bundan sonra portalın texniki imkanlarından istifadə edərək bir çox əməliyyatların avtomatik icrasını portal vasitəsilə təmin etmək niyyəti bildirilib. Bu əməkdaşlıq əlavə vaxt itkisi, məlumatları əl ilə daxil edərkən yol verilə biləcək səhvlərin qarşısını almaqla yanaşı, biznes proseslərin belə avtomatlaşdırılması zəruriyyətini ortaya çıxarıb. Bununla bağlı olaraq, bankın fəaliyyətində operativliyi və etibarlılığı təmin etmək məqsədilə portalın imkanlarından istifadə üçün birgə əməkdaşlığa başlanılması təklif olunub. Görüşdə internet bankçılıq və elektron arayışlar barəsində də müzakirələr aparılıb.
Qeyd edək ki, hazırda portalın operatoru tərəfindən sahibkarlara öz biznes fəaliyyətlərinin avtomatlaşdırılması üçün bir çox imkanlar yaradılıb.