İDMAN
"Neftçi"nin futbolçusu: İstəyirəm "Qarabağ" bu gün qələbə qazansın - MÜSAHİBƏ
Bakı, 14 dekabr, AZƏRTAC
“Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.
- "Neftçi"də bir çox qola imza atmısınız. Komanda yoldaşlarınıza onlar da qol vurması üçün nə məsləhət görərdiniz?
- Müdafiəçi olaraq çalışıram ki, öz işimi yaxşı tərəfdən görüm. Qol vurmaq imkanım da olanda, bundan yararlanıram. Komanda yoldaşlarıma da heç bir məsləhət verə bilmərəm. İstəyim odur ki, onların da qol epizodu yarananda, bunu qola çevirsinlər.
- "Qarabağ"dan 10 xal geri qalırsınız. "Neftçi" bu mövsüm çempion olmaq üçün nə etməlidir?
- Bəli, hazırda "Qarabağ"la xal fərqi böyükdür. Biz də dərk edirik. “Neftçi" üçüncü pillədə olmağa layiq komanda deyil. Nəyə qadir olduğumuzu bilirik. Sadəcə hazırkı vəziyyətə görə aramızda belə fərq yaranıb. Azarkeşlərimizin narazılığını normal qarşılayıram. "Neftçi"də yeni heyət qurulub, yeni baş məşqçi və yeni futbolçular var. Elə də asan proses və məsələ deyil. Biz bunu dərk edirik. Anlayırıq ki, bundan da yaxşısını edə bilərik. Gələcəkdə azarkeşlərimizi daha çox sevindirə bilərik.
- Mətbuatda adınız "Qarabağ"la hallanırdı. Başqa kluba keçmək planınız var, yoxsa "Neftçi" çempion olmamış bu komandanı tərk etmək istəmirsiniz?
- Karyeram boyu hansısa klubda oynamışamsa, ən azı 3-4 il orada qalmışam. Həmin klub üçün mübarizə aparmışam. "Neftçi"yə gələndən bəri həm klub, həm komanda yoldaşlarım, həm də azarkeşlər məni yaxşı qarşıladılar. Bu da mənə əlavə motivasiya verir, əzmkar çalışmağa kömək edir. Ümid edirəm ki, "Neftçi" üçün mübarizə apararaq böyük nailiyyətlər əldə edəcəyəm.
- "Neftçi"də 9 sarı vərəqə və bir qırmızı vərəqə almısınız. Sizcə, bu çox deyil?
- Haqlısınız, normal deyil. Məncə də, çoxdur. Amma bu günə kimi hansısa liqada oynadıqda hakimlə aramızda dialoq olurdu. Buraya gəldikdən bəri isə belə deyil, tam əksini görürəm. Kartların çoxu cərimələrə görə deyil, danışığa görədir. Çempionata adaptasiya olmağa, özümü səbirli, təmkinli aparmağa çalışıram.
- Azərbaycan Premyer Liqasında səni başqa nə təəccübləndirir?
- Çempionatda mübarizə aparan hansısa komanda yuxarıda gedənlərdən xal ala bilər. Hər komanda meydana qələbə üçün çıxır. İstənilən nəticəni gözləmək olar.
- "Neftçi" azarkeşləri üçün "Qarabağ"la oyunun əhəmiyyəti başqadır. Azarkeşlərə bu prinsipial oyunda müdafiəçi olsanız belə, qol sözü verirsiniz?
- Həm klub, həm azarkeşlər üçün bu oyunun əhəmiyyətli olduğunu bilirəm. Bir dəfə "Qarabağ"a qarşı oynamışıq. Çox maraqlı oyundur. Hər bir futbolçu güclü rəqibə qarşı oynayıb, maraqlı görüşdə iştirak etmək istəyər. Bilirik ki, çətin matçdır. Buna baxmayaraq, heç kimdən çəkinmirik. Çalışacağıq ki, "Qarabağ"la matçda da yaxşı oyun göstərib, qalib gələk. Müdafiəçi olaraq, hər oyunda qol vurmaq sözü vermək çətindir. Söz verə bilmərəm. Amma onu deyə bilərəm ki, ən yaxşısını edəcəyəm. Meydanda canımı qoyacağam ki, qalib gələk.
- "Qarabağ" haqqında nə düşünürsünüz?
- Çalışacağam ki, bu suala vicdanlı və səmimi cavab verim. İstəyirəm ki, "Qarabağ" bu gün qələbə qazansın. Çünki bu qələbə bütün ölkə üçün böyük əhəmiyyət kəsb edir. Çox yaxşı heyətə malik komandadır. Baxmayaraq ki, Avropa Liqasında mübarizə aparırlar. "Qarabağ" iki eyni heyətə malikdir.
- İranın "Traktor" klubunun formasını geyinmisiniz. Orada cəmi bir oyuna çıxmağınıza baxmayaraq, qalib gəlmisiniz. Bu klubla "Neftçi"nin oxşar cəhətləri varmı? Sizcə, "Traktor" Azərbaycan çempionatında mübarizə aparsaydı, neçənci pillədə olardı?
- "Traktor"da cəmi 4 oyunun iştirakçısı olmuşam, ikisində isə meydana çıxmışdım. Ondan sonra çempionat koronavirus pandemiyası səbəbindən dayandırıldı. Bir ay oteldə qaldım, məşq edə bilmədim. Klubdan xahiş etdim ki, məni evə buraxsınlar. Çünki ailəmin yanına getmək istəyirdim. Vəziyyətin neçə müddət belə davam edəcəyi bilinmirdi. Çempionatın nə vaxt başlayacağı dəqiq olmadığına görə Braziliyada qaldım və sonradan "Traktor"la yollarımız ayrıldı. Qısa müddət olsa da, İranda yaşamaq, orada oynamaq mənim üçün böyük təcrübə idi. Yeni mədəniyyətlə tanış oldum. İnsanların bənzərlikləri çoxdur. "Traktor"un yaxşı azarkeşləri var. Burada da yaxşı tərəfdarlar gördüm. Təkcə "Traktor" yox, İranda güclü klublar var və Azərbaycanda çıxış etsələr, çempionluq uğrunda mübarizə apara bilərlər.