İQTİSADİYYAT
"Youth Inc." proqramının iştirakçıları "Coca-Cola"nın Azərbaycandakı zavodunun fəaliyyəti ilə tanış olublar
Bakı, 10 iyun, AZƏRTAC
"Youth Inc." proqramının təşkilatçılığı ilə 22 gənc və bizneslə məşğul olmaq istəyən tələbələr "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin fəaliyyəti ilə tanış olmaq üçün "Coca-Cola" zavoduna təşkil olunan turda iştirak ediblər.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramı - "Coca-Cola" şirkəti, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində baş tutmuş məlumat turunda biznes bacarıqlarını inkişaf etdirmək istəyən gənclər yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan "Coca-Cola" şirkətinin fəaliyyəti ilə daha yaxından tanış olublar və biznes fəaliyyəti ilə bağlı praktiki biliklər qazanıblar.
Məlumat turunda gənclər ən müasir avadanlıqlarla təchiz olunmuş zavodun əsas iş prosesləri ilə yaxından tanış olub. "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin aparıcı mütəxəssisləri tərəfindən sərinləşdirici içkilərin istehsalı, qablaşdırılması, istifadə olunmuş suyun yenidən təmizlənməsi və s. haqda tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, "Coca-Cola" Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Şirkət 1994-cü ildə Türkiyədə yerləşən "Coca-Cola İçəcək" tərəfindən "Azərbaycan Coca-Cola Bottlers"in təsis edilməsi ilə fəaliyyətə başlayıb. 2015-ci ildən etibarən zavod yenidənqurma işlərindən sonra 6 müasir istehsal xətti ilə fəaliyyətini gücləndirib.
Zavodun keyfiyyətə nəzarət şöbəsinin müdiri Aydın Qurbanov istehsal edilən sərinləşdirici içkilərin çeşidləri və bu məhsulların hazırlanmasında istifadə olunan yüksək keyfiyyətli inqrediyentlərin alınması proseslərindən danışıb.
"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin insan resursları departamentinin nümayəndəsi Kamil Babayev master-klass keçirib. Şirkət nümayəndəsi "Coca-Cola"nın insan resursları strategiyası, gənc sahibkarların gələcəkdə insan resurslarının idarəsi üzrə üzləşə biləcəkləri çətinliklər barədə ətraflı danışıb və bu sahədə praktiki məsləhətlərini bölüşüb.