SİYASƏT
ABŞ-dakı Azərbaycan diasporu Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı kampaniyaya başlamışdır
Bakı, 3 may (AZƏRTAC). Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporları Şuşanın ermənilər tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı kampaniyaya start vermişlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporunun üzvləri beynəlxalq təşkilatlara yüzlərlə məktub göndərmişlər. Məktubda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması və onların burada həyata keçirdiyi etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilir.
Dünyada yaşayan 40 milyon azərbaycanlı BMT-yə müraciət edərək təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin həyata keçirilməsi üçün ciddi addımların atılmasını və işğalçı Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsini tələb edir. Məktubda vurğulanır: “Ermənistan bu qətnamələrə məhəl qoymadığı halda niyə dünya dövlətləri hələ də buna susmaqda davam edir? Bir vaxtlar Azərbaycanın klassik musiqisinin mərkəzi, Şərqin ilk operasının beşiyi sayılan Şuşa Ermənistanın işğalçı, dağıdıcı və sistematik etnik təmizləmə siyasətinin qurbanı olmuşdur”.
Məktubda o da bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinə uyğun həll edilməlidir. Qətnamələrin tələbi ilə Azərbaycan ərazisində qanunsuz yerləşən erməni hərbi qüvvələri çıxarılmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmalı, Naxçıvan blokadası aradan qaldırılmalı, bütün hərbi əsirlər və itkin düşənlər geri qaytarılmalıdır.
Artıq Azərbaycan diasporunun üzvlərinin məktubuna ABŞ-ın Merilend ştatından olan demokrat senator Barbara Mikulski cavab vermişdir. O, Azərbaycan diasporunun BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı çağırışını yüksək qiymətləndirmişdir.
Xəbər verdiyimiz kimi, mayın 8-də Almaniyanın paytaxtındakı “Berlin-Bakı” qalereyasında “Şuşa: səssiz-səmirsiz şəhər” adlı tədbir də keçiriləcəkdir.
Qeyd edək ki, Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində tədbir, konfrans və sərgilər təşkil olunacaqdır.