SİYASƏT
ABŞ KONQRESİ ÖZ SƏYLƏRİNİ 18 İL ƏVVƏL ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİNİN XOCALIDA TÖRƏTDİKLƏRİ SOYQIRIMIN TANIDILMASINA YÖNƏLTMƏLİDİR
Bakı, 5 mart (AZƏRTAC). ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan azərbaycanlıların da kəskin etirazına səbəb olmuşdur.
BƏƏ-dəki Azərbaycan cəmiyyətinin rəhbəri Samir İmanov bildirmişdir ki, bununla əlaqədar bu ölkədə yaşayan azərbaycanlılar ABŞ Prezidenti Barak Obamaya müraciət ünvanlamışlar.
Müraciətdə deyilir: “Artıq bütün dünya bilir ki, erməni silahlı birləşmələri 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara misli görünməmiş qəddarlıqla divan tutmuş, xalqımıza qarşı əsl soyqırımı törətmişlər. Biz tələb edirik ki, ABŞ Konqresi 95 il əvvəl “erməni soyqırımı”nın baş verməsi barədə saxta sənədi təsdiq etmək əvəzinə öz səylərini 18 il əvvəl erməni silahlı birləşmələrinin Xocalı şəhərində törətdikləri soyqırımının tanıdılmasına yönəltsin”.
Sənəddə, həmçinin deyilir ki, Türkiyə və Azərbaycanla əlaqələrin korlanması ABŞ dövlətinin və xalqının maraqlarına uyğun deyildir.
Müraciətin sonunda ABŞ Konqresinin bu qətnaməni təsdiqləməyəcəyinə, ədalətli və düzgün qərar qəbul edəcəyinə əminlik ifadə olunmuşdur.