ELM VƏ TƏHSİL
ABŞERON RAYONUNUN TƏLİM-TƏRBİYƏ MÜƏSSİSƏLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRDIR
Abşeron rayonu təhsil işçilərinin ənənəvi avqust konfransı keçirilmişdir. Təhsil şöbəsinin müdiri Aslan Rüstəmov hesabat məruzəsində bildirmişdir ki, 2002/2003-cü tədris ilində rayonda 22 orta, 3 əsas məktəb, 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. Yeni dərs ilinə hazırlıqla əlaqədar bütün təlim-tərbiyə ocaqlarında keyfiyyətli təmir işləri görülmüş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Bu isə yeni dərs ilində məktəblərdə tədris işlərinin səviyyəsini yüksəltməyə imkan yaradacaqdır.
Təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, Prezident Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi qayğı və diqqətdən, ölkədə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən danışmışdır. O, rayonun təlim-tərbiyə müəssisələrinin işindəki nöqsanları da konkret faktlarla diqqətə çatdırmış, onların aradan qaldırılması üçün ciddi tədbirlər görülməsinin zəruriliyini vurğulamışdır.
Təhsildə fəallıq göstərmiş müəllimlərə mükafatlar təqdim edilmişdir.
Sonra Azərbaycan müəllimlərinin XII qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları Prezident Heydər Əliyevə müraciət qəbul etmişlər.