SİYASƏT
ADA Universitetində İranın xarici siyasət prioritetlərindən danışılıb
Bakı, 3 iyun, Maqsud Dadaşov, AZƏRTAC
İyunun 3-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini Hadi Süleymanpur “ADA” Universitetində “İran İslam Respublikasının xarici siyasət prioritetləri” mövzusunda mühazirə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə aktual mövzuların müzakirə olunduğu həftəlik mühazirələrin təşkilinin universitetdə artıq ənənə halını aldığını deyib. Bildirib ki, diplomat və siyasətçi kimi uğurla fəaliyyət göstərən H.Süleymanpur, eyni zamanda, bir sıra elmi məqalələrin və tədqiqat işlərinin müəllifidir. Önəmli siyasi dəyişikliklər dövrü yaşayan İranın xarici siyasət prioritetləri haqqında H.Süleymanpur kimi zəngin analitik düşüncəyə malik bir siyasətçinin fikirlərini eşitmək hamı üçün maraqlı olar. Siyasi, iqtisadi və digər bir çox sahələr üzrə qonşu İranın malik olduğu potensial regional əməkdaşlıq üçün vacibdir.
Azərbaycana növbəti səfərindən məmnun olduğunu deyən H.Süleymanpur ölkəmizlə bağlı hər zaman xoş xatirələrinin olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, İranla bağlı müxtəlif məqamlara dair düşüncələrini ADA Universitetinin tələbələri, gənc tədqiqatçıları ilə bölüşmək onun üçün də maraqlı olacaq.
Xarici işlər nazirinin müavini ölkəsinin Qərb dövlətləri ilə əldə etdiyi nüvə proqramına dair razılaşmadan və İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra xarici siyasətin əsas xüsusiyyətlərini təhlil edib. Vurğulayıb ki, qlobal və regional səviyyədə gələcək illərdə də İran beynəlxalq iqtisadi mühitə təsirini göstərməyə davam edəcək. O, fikirlərinə bu sözlərlə davam edib: “Digər məqam İranın ikitərəfli və çoxtərəfli əlaqələrinin qlobal ticarət dövriyyəsinə təsiri məsələsidir. Növbəti illərdə azad ticarətin idarəsi və nəzarət vasitələrinin nəzərdən keçirilməsi hazırda ölkəmizdə diqqət mərkəzində olan məqamlardan biridir. Beynəlxalq siyasi mühitə nəzər yetirdikdə, hesab edirəm ki, ABŞ cəmiyyətində hiss olunan qütbləşmə, Avropada sosial-iqtisadi təhlükəsizliyin təminatı üçün çözümlərin axtarılması regionumuza, bilavasitə İrana müxtəlif istiqamətlərdə təsir göstərir”. Regionda mövcud gərginlikləri şərh edən H.Süleymanpur təəssüf hissi ilə vurğulayıb ki, bölgəmiz qeyri-sabitlik, böhran və bu kimi neqativ ssenarilərə hazır deyil. Radikalizm yayılmaqdadır və region üçün hədədir.
İranın xarici işlər nazirinin müavini bildirib ki, SSRİ-nin süqutundan və bipolyar sistemin tənəzzülündən sonra keçid dövrü yaşayan beynəlxalq sistemin xarakterik cəhətləri həm İrana, həm Azərbaycana, həm də digər qonşu ölkələrə fərqli təsir edib. Bu məsələdə əsas məqam gücün konseptinin dəyişməsidir. Bu da öz növbəsində beynəlxalq mühitin gələcəyinə təsir edir. Qonşularla harmoniya halında müsbət əlaqələrin qurulması İranın xarici siyasətinin əsas cəhətlərindəndir. İranın əsas siyasəti regionun inkişafından əldə edilən nəticədən maksimum yararlanmaqdır. İran və Azərbaycan regional inkişafa birgə töhfə verəcək potensiala malikdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.