REGİONLAR
ADAU-da narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Gəncə, 2 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Baş Polis İdarəsinin (ŞBPİ) təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) karantin tələbləri nəzərə alınmaqla, narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, universitet rəhbərliyi və tələbə kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən ŞBPİ-nin rəis müavini, polis polkovniki Əhməd Cəlilov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib.
Bildirilib ki, Gəncə ŞBPİ və onun tabeli qurumları tərəfindən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Keçirilən bu tədbirlər nəticəsində cari ilin 11 ayında 193 fakt aşkarlanaraq 56 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bunun da 5 kiloqramdan çoxunu xüsusi təsiredici qüvvəyə malik narkotik maddələr təşkil edir.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.