QAN YADDAŞI
“Adjara P.S.” qəzetində “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı məqalə dərc olunub
Tbilisi, 31 mart, AZƏRTAC
Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.” qəzetində Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, XX əsrin əvvəllərində xalqımıza qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı dövrlərdə də davam etdirilib, 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək azərbaycanlı şəhid olub, bir milyona yaxın insan doğma yurd-yuvalarından qovulub.
Qeyd edilir ki, erməni şovinistləri əsrlərboyu öz məkrli niyyətlərinə çatmaq üçün hər cür vasitəyə əl atmış, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törədiblər. Bu cinayətləri ört-basdır etmək üçün ermənilər özlərini məzlum və yazıq xalq kimi təqdim edir, qondarma “erməni soyqırımı” iddialarını irəli sürürlər.
Məqalədə, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunduğu oxucuların diqqətinə çatdırılır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən pislənildiyi, Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi