İQTİSADİYYAT
ADSEA və BP su sisteminin yaradılması və bərpası məqsədilə birgə 3 layihə icra edəcək
Bakı, 22 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə BP arasında icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
BP-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın ilkin olaraq üç potensial layihəni əhatə edəcəyi gözlənilir.
Birinci layihədə məqsəd Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılmasıdır. Bu sistem sel sularının toplanması, çökdürülməsi və təmizlənməsini təmin edəcək. Təmizlənmiş sudan torpaqların suvarılması üçün istifadə ediləcək. Sistemin ildə 500 min kubmetrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur, bu da 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.
İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin - kəhrizin, bərpa edilməsi məqsədini daşıyır. Bərpa edildikdən sonra bu iki kəhriz hər il 2,5 milyon kub metrə qədər şirin su təchiz edə biləcək. Bu isə 15 min nəfərə yaxın icma üzvünün məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar ehtiyaclarını təmin etmək deməkdir.
Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında içməli su, suvarma və sanitariya təyinatlı 25 su sisteminin yaradılmasına yönəlib. Layihə ümumi əhalisi təqribən 25 min nəfər olan 20-yə yaxın kəndin yaşayış məntəqəsini əhatə edəcək.
“Yaşıl siyasətin əsas hədəflərindən biri də dayanıqlı su ehtiyatlarının formalaşdırılması və sudan səmərəli istifadənin təmin edilməsidir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilir. Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir. Ölkəmizdə ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın yaşıl gələcəyə doğru addımlar atmasının göstəricisidir”,- deyə ADSEA sədrinin müşaviri Əsəd Şirinov imzalanma tədbirində bildirib.
“Şirin su çatışmazlığı problemi ilə üzləşən kənd icmalarına kömək etmək istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi ilə səylərimizi bir araya gətirməkdən məmnunuq. Diqqətimizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə yönəldəcəyik. Ümid edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz minlərlə insanın məişət, sağlamlıq və sanitariya, eləcə də kənd təsərrüfatı istehlakı üçün suya olan tələbatını təmin etməyə kömək edəcək”,- deyə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli diqqətə çatdırıb.
İki il müddətinə nəzərdə tutulmuş bu üç layihənin ümumi dəyəri 2,6 milyon dollardan artıqdır.