REGİONLAR
Ağcabədidə bayram şənliyi: Zəfərimiz həmrəyliyimizdir
Ağcabədi, 28 dekabr, AZƏRTAC
Ağcabədi rayonunda “Zəfərimiz həmrəyliyimizdir” adlı bayram şənliyi keçirilib. Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi, Ağcabədi Rayon İcra Hakimiyyəti və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi köçkün ailələrindən 100-dən çox uşaq iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək uşaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, builki həmrəylik bayramı, sözün həqiqi mənasında, Azərbaycan xalqının həmrəyliyinin simvoluna çevrilib. 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi xalqımıza ən böyük qürur hissi yaşatdı.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları Ceyhun Mamedov, Nurəddin Hacıyev, Qarabağ qazisi, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı və şəhid Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva uşaqları təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şənlik “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təhsil alan uşaqların, Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbinin, Yaqub Məmmədov adına rayon Mədəniyyət evinin və Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında maraqlı rəqslər və musiqi nömrələri ilə davam edib. Şənliyə Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.
Şənliyin sonunda uşaqlara hədiyyələr paylanıb.