REGİONLAR
Ağdaşda indiyədək 11 min 300 hektardan çox payızlıq taxıl əkilib
Ağdaş, 6 dekabr, AZƏRTAC
Payızlıq taxıl səpini kampaniyasını davam etdirən Ağdaş taxılçıları indiyədək 11380 hektarda əkin aparıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin aparılan sahələrin 3150 hektarı buğda, 8230 hektarı isə arpadır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Gürcüva, Yuxarı Nemətabad, Cardam, Mürsəl, Ərəbocağı, Qolqəti yaşayış məntəqələrinin ərazilərində bu mühüm kampaniya daha mütəşəkkil davam edir. İndiyədək aparılan əkinlərin 80-90 faizində normal çıxış alınıb.
Qeyd edək ki, cari payızda rayon üzrə 15 min hektarda taxıl əkiləcəyi gözlənilir. Artıq 14100 hektarda şum çıxarılıb. Son günlər yağıntılı hava şəraiti taxıl səpinində çətinliklər yaratsa da, fermerlər və fiziki şəxslər bütün qüvvələri səfərbər edərək kampaniyanı uğurla başa vurmaq əzmindədirlər.