REGİONLAR
Ağdaşda yay şumuna 100-dən çox texnika cəlb olunub
Ağdaş, 18 iyul, AZƏRTAC
Ağdaş rayonunda əkinçiliklə məşğul olan fermerlər və fiziki şəxslər bu günlər yay qayğılarını yaşayırlar. Hazırda bütün ərazi vahidlərində payızlıq əkinlər üçün yay şumu aparılır ki, bu da gələn il üzrə bol məhsul üçün xüsusi önəm kəsb edən aqrotexniki tədbirdir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Ağdaşda 17 min hektardan çox sahədə payızlıq bitkilər, əsasən də taxıl əkiləcəyi gözlənilir. Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər. Hazırda hər gün sahələrə 100-dən çox şum traktoru çıxarılır. Artıq 1050 hektardan çox sahədə şum qaldırılıb.
Rayonun bütün ərazilərində, xüsusilə Ərəbocağı, Yuxarı Nemətabad, Qoşaqovaq, Şəkilikənd və bir sıra digər ərazi dairələrində bu işlər mütəşəkkil aparılır.