ELM VƏ TƏHSİL
Akademik Şahin Mustafayev UNESCO-nun tədbirində çıxış edib
Bakı, 2 iyun, AZƏRTAC
UNESCO-nun İpək Yolu Proqramı beynəlxalq şəbəkəsinin ikinci onlayn toplantısı keçirilib. Toplantıda üzv ölkələrin İpək Yolu sahəsində 2020-ci ildə həyata keçirdikləri layihə və tədbirlər barədə illik hesabatları dinlənilib, qurumun gələcək fəaliyyət planları müzakirə olunub.
Toplantıda ölkəmizi bu proqramın Azərbaycan üzrə əlaqələndiricisi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, çıxışının əvvəlində 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi barədə məlumat verib və pandemiya şəraitinin bütün sahələrə olduğu kimi, İpək Yolu ilə bağlı nəzərdə tutulmuş planların həyata keçirilməsinə də öz mənfi təsirini göstərdiyini qeyd edib. Şahin Mustafayev bununla belə, ötən ildə ölkəmizdə bu sahədə bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, 2020-ci ildə Azərbaycanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi çərçivəsində ingilis və rus dillərində “Azərbaycan İpək Yolu üzərində” adlı fundamental monoqrafiyanın hazırlanıb nəşr olunması barədə toplantı iştirakçılarına məlumat verib. Bundan əlavə, Azərbaycanın irimiqyaslı UNESCO İpək Yolu proqramına fəal şəkildə qatılmaq planlarının olduğu vurğulanıb. Şahin Mustafayev, həmçinin ötən il ölkəmizdə “İpək Yolu” brendi ilə həyata keçirilən bəzi infrastruktur layihələri və idman tədbirlərinin keçirildiyini iştirakçıların nəzərinə çatdırıb.
Qeyd edək ki, toplantını giriş sözü ilə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos açıb. Tədbirdə bu qurumun digər yüksəkvəzifəli əməkdaşları, Çinin Dünya Sülhü Fondunun prezidenti Li Ruohonq, digər beynəlxalq təşkilatların nümayəndələri və İpək Yolu Proqramına üzv ölkələrin əlaqələndiriciləri iştirak ediblər.