CƏMİYYƏT
Al-qırmızı xalıya bürünmüş Ağgöl Milli Parkından reportaj FOTO
Bakı, 22 aprel, AZƏRTAC
Yəqin ki, məşhur “Lalələr” mahnısını eşitməyən az adam tapılar. Bakıdan təxminən 300 kilometr uzaqda - Kür-Araz ovalığının Mil düzündə mahnıda deyildiyi kimi, “Çıxıblar yenə də dizə lalələr”.
Kür çayının sağ sahilində - Ağgöl Milli Parkının 100 hektarlıq ərazisində hər il aprel ayında sanki qırmızı xalı sərilir. AZƏRTAC-ın əməkdaşı təbiətin ecazkar mənzərəsinə şahid olmaq üçün Ağgöl Milli Parkının Ağcabədi rayonunda yerləşən hissəsinə yollanıb və reportaj hazırlayıb. Reportajı təqdim edirik.
Ağgöl Milli Parkı - “ornitoloji oazis”
Milli parkın girişində məlumat lövhələri qoyulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları vasitəsilə xüsusi mühafizə olunan təbiət ərazisi haqqında ətraflı məlumat aldıq. Bildirildi ki, Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşən Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq əraziləri haqqında” (Ramsar, İran, 1971) “Ramsar Siyahısı”na daxil edilib. Ağgöl Milli Parkını mütəxəssislər haqlı olaraq “ornitoloji oazis” adlandırırlar.
Milli parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. geniş yayılıb. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılıb. Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrım lələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşıb. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.
Hər il Azərbaycan üzərindən 20 milyondan çox su-bataqlıq quşu miqrasiya edir və ölkəmizdə su-bataqlıq quşlarının toplaşma məntəqələrindən biri də Ağgöl Milli Parkıdır. Bu il Ağgöl Milli Parkının ərazisində 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb.
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən indiyədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran reintroduksiya olunub və aparılan son sayılmaya görə parkda 87 baş ceyran var.
Yanağındakı qara xalını Günəşdən gizlətməyə çalışan gözəllik
Yanağındakı qara xalını Günəşdən utanaraq gizlətməyə çalışan təbii gözəlliyin – lalələrin izi ilə milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşən məşhur çəmənliyə gəldik. Sözün əsl mənasında, qarşılaşdığımız mənzərə bizi valeh elədi. Gözəllik bizi o qədər cəlb etmişdi ki... Burada təbiətin sehrinə qapılan kim, həmin anı lentə alan kim, Bakıya çatmağı gözləmədən əzizlərinə şahid olduğu gözəlliyin şəklini, videosunu göndərən kim...
Milli parkın ərazisində media nümayəndələrinə məlumat verildi ki, ölkəmizin ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biri olan və unikal təbii landşaftı ilə daim diqqət çəkən milli parkın daha bir özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir. Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir.
Həmin çəmənlikdə lalələrin içində gizlənən bir bitki – sərtkənarlı süsən də diqqətimizi cəlb etdi. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın sözlərinə görə, sərtkənarlı süsən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan çox məhdud areala malik nadir növlərdəndir. Qafqazın endemik növü hesab olunur. Ağgöl Milli Parkından əlavə, Qobustan, Abşeron rayonlarında, Böyük Qafqazın Quba ərazisində, Xəzərsahili ovalıq, eləcə də Kür-Araz ovalığında, Şuşa, Cəbrayıl rayonlarının ərazisində rast gəlinir. Bu növ aprel və may aylarının birinci ongünlüyündə daha çox təbiətdə təsadüf olunur. Kökümsovları vasitəsilə çoxalan bitkidir. Müxtəlif qruplaşmalar əmələ gətirir. Quru qumlu, gilli, daşlı-yamaclı ərazilərdə, dənizkənarı qumluqlarda bitir, həmçinin də duzlaşmaya dözümlü bitki sayılır.
Ağgölün içərisindəki su hövzəsi yaxalığında inşa olunmuş izləmə məkanından gölü seyr etmək, ruhumuzu təbiətin füsunkarlığına təslim etmək imkanını da əldən vermədik.
Artıq hava qaralırdı... Milli parkın ərazisindən xoş təəssüratlarla geri dönürük. Bir daha əmin olduq ki, insan ana təbiətə toxunuşlarına həm müsbət, həm də mənfi cavab ala bilər. Burada isə hər tərəf al-qırmızı idi, təbiət sanki üzümüzə lalələrlə gülümsəyirdi...